Yay semestrinin təşkili

3.4.1 Yay semestri aşağıdakı məqsədlərlə təşkil olunur:

- akademik borcların ləğv edilməsi;
- fənlərin prerekvizitliyi gözlənilməklə humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş seçmə fənlərin kreditlərinin qazanılması;
- müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi;
- ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması.
3.4.2 Yay semestri yaz semestri başa çatdıqdan sonra təşkil olunur və onun başlanma müddəti ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 (altı) həftədir. İmtahan müddəti 1 (bir) həftədən artıq olmamaqla yay semestrinin sonuncu həftəsində təşkil olunur.
3.4.3 Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-u aşmamalıdır.
3.4.4 Yay semestri və imtahanlar növbəti semestrin başlanmasına 2 həftə qalana qədər başa çatdırılır.
3.4.5 Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur.
3.4.6 Tələbə yay semestrində iştirakından asılı olmayaraq payız semestri üçün öz fərdi tədris planını iyulun 5-dən 15-dək fakültəyə təqdim etməlidir və o, bu Qaydaların 3.3.1 bəndində göstərilən müddətdə öz fərdi tədris planında müvafiq dəyişikliklər apara bilər.
3.4.7 Müvəffəqiyyət qazandığı fəndən qiymətini yüksəltmək məqsədilə tələbəyə yenidən imtahan verməyə icazə verilmir. Lakin o, qiymətini yüksəltmək üçün yay semestrində həmin fənni yenidən götürüb dinləməklə imtahan verə bilər. Tələbə öz məqsədinə nail olmadığı halda onun əvvəl topladığı bal qüvvədə qalır.
3.4.8 Bu Qaydaların 4.3 bəndinin tələblərinə uyğun olaraq imtahana buraxılmayan tələbə üzrlü səbəbdən semestrdə fənn(lər) üzrə müəyyən olunmuş dərslərin 50%-dən çoxunda iştirak etdiyi halda o, həmin fənn(lər)i yay semestrində təkrar götürmək hüququna malikdir.
3.4.9 Ali təhsil müəssisələrində yay semestri könüllülük prinsipi əsasında ödənişli əsaslarla həyata keçirilir.
3.4.10 Yay semestrində tələbənin fənn üzrə bir kreditinin ödənişi bu Qaydaların 4.5 bəndinin tələblərinə uyğun olaraq müəyyən olunur.
3.4.11 Yay semestrində fənn üzrə qrupda tələbələrin sayını ali təhsil müəssisəsi əldə etdiyi maliyyə imkanını nəzərə alaraq müəyyənləşdirir.
3.4.12 Yay semestrinə müəllimlər könüllü surətdə cəlb olunurlar. Bu zaman müəllimin fəaliyyətinin ödəniş məbləği saathesabı qaydada həyata keçirilir. Bundan əlavə müəllimlərə fənn üzrə qrupdan əldə olunan vəsaitin hesabına əlavə ödəniş verilir. Həmin ödənişin məbləği ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.
3.4.13 Yay semestrində əldə olunan vəsaitdən bu Qaydaların 3.4.12 bəndində göstərilənlər istisna olmaqla rektorun əmri ilə buraya cəlb olunan digər əməkdaşların əmək haqları ödənilir. Həmin ödənişin məbləği ali təhsil müəssisəsi tərəfindən müəyyənləşdirilir.
3.4.14 Özəl ali təhsil müəssisələri yay semestri təşkilatçıları və müəlliminin ödəniş məbləğini öz maliyyə imkanlarına görə sərbəst müəyyən edirlər.